Description
Quba-Şirvan xalçaçılıq mərkəzinin Quba qrupuna aid olan, Qusarda toxunan Zeyvə xalçaları qədim və zəngin tarixə malikdir. Bu xalça adını Qusarın yaxınlığında yerləşən eyniadlı kənddən götürmüşdür. “Zeyvə” xalçasının əsas elementini təşkil edən və tamamilə punktir xətlərlə çəkilən ulduzabənzər həndəsi formanı üslubu və mənşəyinə görə orta əsrlərə aid edirlər. Qubanın xalçaçılıq məntəqələrində istehsal olunan bu elementin forması, adətən, dəyişmir, daxili bəzəyi isə müxtəlif cür olur, bəzən isə simvolik məna kəsb edən xaç şəklini alır.